Qarabağ müharibəsinin izləri: Şuşa sənətkarliğina vurulan zərər

Azərbaycanın tarixi ərazisi olan, ecazkar təbiətə malik Qarabağ dünyanın ən qədim sivilizasiya beşiklərindən biridir. Burada zaman-zaman biri digərini əvəz edən arxeoloji mədəniyyət örnəkləri təşəkkül tapmışdır.Bəşər tarixinin ən böyük kəşflərindən biri sayılan ocaq dünyada ilk dəfə Qarabağdan-Azıx mağarasının Aşel təbəqəsindən tapılmışdır.Vətənimizin ilk arxeoloji mədəniyyətlərindən biri –Quruçay mədəniyyəti  Qarabağda, Quruçayın hövzəsində təşəkkül tapmışdır. Qafqazda ilk şəhərtipli yaşayış məskəni olan Üzərlik təpə abidəsi (e.ə II minilliyin ortaları) Qarabağda aşkar edilmişdir. Bu faktlar onu söyləməyə iman verir ki, Qarabağ hələ qədim dövrlərdə Azərbaycanın sənət və mədəniyyət mərkəzi kimi şöhrət qazanmışdır.

Bol xammal ehtiyatı ilə zəngin olan Qarabağda bir çox sənət sahələri,o cümlədən daşişləmə, ağacişləmə, dulusçuluq, metalişləmə, silahsazlıq, zərgərlik, misgərlik, dəmirçilik, toxuculuq, boyaqçılıq, keçəçilik, dəriçilik, papaqçılıq, başmaqçılıq, simli, nəfəsli,zərb musiqi alətlərinin istehsalı və s. özünəməxsus inkişaf yolu keçmişdir.

Əfsuslar olsun ki, əsrlərdən bəri Azərbaycanın ecazkar diyarı olan Qarabağa göz dikmiş erməni işğalçıları işğal etdikləri ərazilərdəki qədim Azərbaycan mədəniyyətinə  və sənətkarlığına ciddi ziyan vuraraq, onları  məhv edib, yerli toponimləri planlı şəkildə dəyişdiriblər. Ancaq tarix yazısını dəyişdirmək mümkün deyil. Çünki, tarix yalnız həqiqətdən keçir, həqiqət isə, birdir: Qarabağ Azərbaycanın tarixi torpağı, ayrılmaz tərkib hissəsidir.
Azərbaycan Xalça Muzeyinin dönə-dönə bu mövzuya toxunması, Qarabağın xüsusən də, Şuşanın talan edilmiş tarixi incilərini, maddi- mədəniyyət abidələrini göstərməkdə məqsədi   dünya ictimaiyyətinə  bir daha həqiqəti, ermənilərin vandalizmini göstərməkdən ibarətdir. Bu, həm də Qarabağın tarixinə qüssəli səyahətdir.

Bu  yola  Şuşadan  başlamaq  daha  doğru  olardı…

Şuşa təkcə Qarabağın və Azərbaycanın deyil, bütün Qafqazın gözəl guşələrindən biri kimi  müdafiə məqsədilə tikilmiş qala-şəhər olmuşdur. Buna görə də təsadüfi deyil ki, bu gün el arasında qədim məkan “Şuşa qalası” kimi də tanınır.

Bu şəhər Azərbaycanın milli-mənəvi dəyərlərinin  beşiyi hesab olunurdu. Ulu öndər  Heydər Əliyev Şuşanı “abidələr şəhəri” adlandırmışdı.

Çox təəssüf ki, bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər.   Nadir tikililər, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə “Qafqazın cənnəti” adlandırılan yerlər xarabazara çevrilmişdir.

İşğaldan əvvəl  Şuşada 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 metr uzunluğunda bərpa olunmuş qala divarları vardı. Tarixi abidələrdən 23-cü respublika və dünya miqyaslı abidələrə aid idi. Bu abidələrin çoxu XVIII-XIX əsirlərə aiddir. Şuşada hər bir ev, küçə, möhtəşəm qala divarları, məscidlər, minarələr, əzəmətli qəsrlərin qalıqları keçmişimizdən xəbər verirdi.

Məhz, ermənilərin Azərbaycanın  mədəni irsinin  məhv etməyə yönələn siyasətinin   bir hissəsi də bu ərazidə qalan muzeylərdə saxlanılan misilsiz tarixi ekspoatları, qiymətli incəsənət və mədəniyyət nümunələrini talan etməkdir.

Münaqişə bölgələrində erməni vandalizminin Azərbaycanın milli mədəniyyət ocaqlarına vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyil. Ən azından ona görə ki, talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.

Azərbaycanın işğal olmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı tarıx və mədəniyyət abidələrimizin  dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin  qorunması haqqında” 1954-cü il Haaqa  Konvensiyasına , ”Arxeoloji irsin mühafizəsi haqqında ” 1992- ci il Avropa Konvensiyasına , ”Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında ” UNESCO-nun 1972-ci il Konvensiyasına ziddir.